Ailələlərdə struktur dəyişiminə səbəb nədir?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan ailəsində nəsillər arasındakı münasibətləri öyrənmək üçün apardığı tədqiqatların nəticələri açıqlanıb.
Bu barədə STM-in sektor müdiri Humay Axundzadə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində" mövzusunda konfransda danışıb.
Onun sözlərinə görə, tədqiqatlar 12 rayon üzrə 1170 nəfər olmaqla, hər biri 390 nəfərdən ibarət üç qrupa əsasən aparılıb:
"Nəticələrə əsasən bəzi regionlarda- məsələn daha çox Bakı-Abşeron-Xızıda ailə strukturu dəyişib. Ailə strukturunun dəyişməsi dedikdə, ailələrdə fərdiləşmə prosesinin güclənməsi deməkdir. Bununla yanaşı, yeni texnologiyaların ailə münasibətlərinə təsiri birmənalı deyil. Bəzi məqamlarda bu ailədaxili özgələşməyə səbəb olsa da, bir yandan da ayrı yaşayan ana, ata və övladlar üçün əlaqə vasitəsidir".
Sektor müdiri bildirib ki, hər iki övladdan biri özünü valideynindən fərqli olaraq görür, eyni düșüncə tərzində olmadıqlarını hesab edir va bu da öz növbəsində yenilik axtarışlarına, münaqişələrə səbab ola bilir. STM nümayəndəsi həmçinin tədqiqat nəticələrinə görə, 1170 nəfərin yarısının yaşlı və cavan ailə fərdləri ilə birlikdə yaşamağına üstünlük verdiyini qeyd edib:
"Sorğuya əsasən, 10 nəfərdən biri ailədən ayrı və uzaq yaşamağın tərəfdarıdır. Bu rəqəmlərin 17,3 faizi məhz gəncləri əhatə edir".
H.Axundzadə əlavə edib ki, boşanmalar da nəsillər arasında münasibətlərdə özgələşməyə gətirib çıxarır: "Tədqiqatın ümumi nəticələri onu göstərir ki, Azərbaycan ailə münasibətlərində fərdiləşmə meyilləri yüksəkdir. Amma buna baxmayaraq, gənclərin ailə ilə münasibətdə sıx bağı özünü qoruyub saxlayır. Sadəcə bir az dəstək lazımdır".