Qaranlıq Rejim
Image
  • çərşənbə, 13 may 2026
Gəncənin 120 çinarı Mingəçevirdə yeni həyat tapdı

Gəncənin 120 çinarı Mingəçevirdə yeni həyat tapdı

2025-ci ilin sentyabr ayından “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA İB) ADA Məktəbinin fizika müəllimi Həsən Hüseynli ilə birgə yeni təşəbbüsə start verib. Layihə gənclərin biznes və sahibkarlıq bacarıqlarının inkişafına həsr olunub və 6 davamlı təlimlə yanaşı, Mingəçevirdə ayrıca ərazidə 120 çinar ağacının əkilməsini və onların damcı üsulu ilə suvarılmasını nəzərdə tutur.

Layihə çərçivəsində 25 nəfərlik gənc qrupu formalaşdırılıb. Onların əksəriyyətini Mingəçevir Dövlət Universitetinin tələbələri, həmçinin bir neçə məktəbli təşkil edib. İlk iki təlimdə Kapitalbankın Gəncə filialının müdiri Vüqar Paşayev gənclərlə startapların qurulması və uğura aparan mərhələlər barədə danışıb. Gəncə Dövlət Universitetinin müəllimi, “Təmas” İctimai Birliyinin rəhbəri Südabə Məmmədova isə sahibkarlıqda komanda işi və liderliyin əhəmiyyətini izah edib.

Daha sonrakı mərhələlərdə sosial sahibkarlıq üzrə Moldova təcrübəsi, marketinqin rolu və digər aktual mövzular MVA İB-nın vitse-prezidenti Yeganə Nəbiyeva və Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin müəllimi Nigar Ramazanovanın təqdimatlarında müzakirə olunub. Layihənin ən diqqətçəkən hissəsi isə Mingəçevirdə 120 çinar ağacının əkilməsi olub.

Layihə rəhbəri Həsən Hüseynli bildirib ki, bu, onların ilk təcrübəsi deyil:
“Oxşar təşəbbüsü 2022–2023-cü illərdə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirmişdik. “Qarabağın ilk ağıllı kəndi” layihəsi çərçivəsində kənd sakinləri və məktəblilər üçün ekoloji maarifləndirmə və sağlam həyat tərzi üzrə təlimlər keçdik. Eyni zamanda 96 Gəncə çinarı əkdik, damcı suvarma sistemi quraşdırdıq və sakinlərə 40-a yaxın ağac hədiyyə etdik”.

MVA İB-nın prezidenti Fərman Nəbiyev qeyd edib ki, Mingəçevirdə bu il həyata keçirilən layihə şəhər rəhbərliyinin dəstəyi ilə reallaşıb:
“İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tapşırığına əsasən, Yaşıllaşdırma və Təmizlik İdarəsi Şərq giriş qapısı ətrafındakı ərazini əkinə yararlı hala gətirdi, hasarladı və damcı suvarma sistemi ilə təmin etdi. Noyabrın 1-də idarə əməkdaşları, MDU tələbələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası baş tutdu. Gəncədən gətirilən 120 çinar artıq Mingəçevir torpağında kök salıb. Bu park həm şəhərimizin 77 illik yubileyinə, həm də Zəfər Gününün 5 illiyinə dəyərli hədiyyə oldu”.

Gəncənin 120 çinarı Mingəçevirdə yeni həyat tapdı
Gəncənin 120 çinarı Mingəçevirdə yeni həyat tapdı

Şərh / Cavab göndərən

Popular Posts

Bülleten

Yeniləmələri almaq üçün poçt siyahımıza abunə olun!