Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
“Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsi çərçivəsində ilk təlim keçirilib

“Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsi çərçivəsində ilk təlim keçirilib

Mingəçevir şəhərində həyata keçirilən “Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsinin ilk təlimi Nizami Gəncəvi adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. Təlim “Torpağın quruluşu və meyvə ağaclarının əkilmə üsulları” mövzusuna həsr edilib və şagirdlərə aqronomluğun əsaslarına dair nəzəri biliklərin çatdırılması məqsədi daşıyıb.

Təlim zamanı iştirakçılara torpaq qatlarının strukturu, torpağın münbitlik göstəriciləri, müxtəlif torpaq növlərinin əkin üçün uyğunluğu və bitkilərin sağlam inkişafına təsir edən amillər barədə geniş məlumat verilib. Mövzunun davamı olaraq meyvə ağaclarının əkilmə üsulları, çala hazırlanması, uyğunlaşdırma prosesləri və ilkin qulluq qaydaları nəzəri əsaslarla izah olunub.

Təlimdən sonra layihənin icra olunacağı əraziyə baxış keçirilib. Şagirdlər ərazinin xüsusiyyətləri və burada həyata keçiriləcək fəaliyyətlərin mərhələləri ilə tanış olublar. Layihə üzrə görüləcək işlərin daha səmərəli təşkili məqsədilə şagirdlər komandalara bölünüb və hər komandanın məsuliyyət sahələri müəyyənləşdirilib.

İlk təlim ekoloji düşüncənin, təbiətə düzgün yanaşma tərzinin və aqrar bacarıqlara dair ilkin təsəvvürlərin formalaşmasına mühüm töhfə verib. Layihənin növbəti mərhələlərində kompost hazırlanması, bitkiçilik, ekoloji maarifləndirmə və yaradıcı ekoloji fəaliyyətlər üzrə digər təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Yaşıl bağ – aqronomluq bacarıqları” layihəsi Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə həyata keçirilir və şagirdlərdə ekoloji savadlılıq ilə yanaşı, praktik bacarıqların formalaşdırılmasını hədəfləyir.

Şərh / Cavab göndərən