Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
Elmi əməkdaşlığa dəstək: MDU Naxçıvanda beynəlxalq konfransın təşkilatçısı kimi iştirak etdi

Elmi əməkdaşlığa dəstək: MDU Naxçıvanda beynəlxalq konfransın təşkilatçısı kimi iştirak etdi

 

2025-ci il oktyabrın 30-da Naxçıvan Dövlət Universitetində (NDU) “İnkişaf və innovasiya: Süni intellekt və maşın öyrənməsi” mövzusunda I Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb. NDU-nun ev sahibliyi ilə keçirilən tədbirin təşkilatçıları sırasında Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın Daşkənd Texniki Universiteti, Macarıstanın Korvinus Budapeşt Universiteti, Malaziyanın Asiya Pasifik Universiteti, Türkiyənin Düzcə Universiteti, Pakistanın Milli Elmlər və Texnologiyalar Universiteti və digər tərəfdaş ali təhsil müəssisələri yer alıblar.

Konfransın açılış mərasimi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra NDU-nun rektoru Elbrus İsayev çıxış edərək konfrans iştirakçılarını salamlayıb. O, süni intellekt, rəqəmsallaşma və innovativ texnologiyalar sahəsində həyata keçirilən dövlət strategiyalarının ali təhsil sisteminə yeni inkişaf imkanları qazandırdığını qeyd edib. Rektor həmçinin beynəlxalq elmi əməkdaşlığın region universitetlərinin qlobal elmi məkana inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb.

Ardınca AzTU-nun rektoru, professor Vilayət Vəliyev, Türkiyənin Düzcə Universitetinin rektoru, professor Nedim Sözbir və digər tərəfdaş universitetlərin nümayəndələri çıxış edərək konfransın elmi və akademik əhəmiyyətini yüksək dəyərləndiriblər.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında MDU-nun region universiteti kimi artan elmi potensialından və beynəlxalq əməkdaşlıq istiqamətində əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, xüsusilə Türkiyənin nüfuzlu universitetləri ilə imzalanan əməkdaşlıq protokollarının universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini bildirib. Rektor vurğulayıb ki, MDU təkcə beynəlxalq akademik məkanda deyil, həm də sənaye ilə əməkdaşlıq sahəsində strateji təşəbbüslər həyata keçirir. Bu baxımdan, 2025-ci il oktyabrın 24-də MDU-nun təşkilatçılığı ilə keçirilmiş “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” universitet–sənaye əməkdaşlığı modelinin inkişafı üçün əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Rektor Anar Eminov qeyd edib ki, bu kimi beynəlxalq tədbirlər region ali məktəblərinin elm, innovasiya və texnologiya mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra konfrans işini plenar və dörd bölmə iclası ilə davam etdirib. Süni intellekt və maşın öyrənməsi sahəsində müxtəlif ölkələrdən olan alimlərin təqdimatlarında texnoloji yeniliklər, sənayedə tətbiqlər, rəqəmsal təhlükəsizlik, generativ süni intellekt modelləri, etik və sosial təsirlər kimi mövzular müzakirə olunub.

Hibrid formatda keçirilən konfransda MDU rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirə 13 ölkədən 135-dən çox elmi məqalə təqdim edilib. Məqalələr Azərbaycan, Türkiyə, Belarus, Hindistan, Özbəkistan, Qazaxıstan, Pakistan və digər ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrinin müəlliflərinə məxsusdur. Tədqiqatlarda mühəndislik, kompüter elmləri, iqtisadiyyat və idarəetmə sahələrinin aktual mövzuları əhatə olunub.

İki gün davam edəcək beynəlxalq tədbirin sonunda sertifikatların təqdim olunması və müzakirə nəticələrinin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti son illər beynəlxalq elmi əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi, region ali təhsil məkanında innovativ inkişaf modelinin formalaşdırılması və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində ardıcıl və strateji fəaliyyətini davam etdirir.

Elmi əməkdaşlığa dəstək: MDU Naxçıvanda beynəlxalq konfransın təşkilatçısı kimi iştirak etdi
Elmi əməkdaşlığa dəstək: MDU Naxçıvanda beynəlxalq konfransın təşkilatçısı kimi iştirak etdi
Elmi əməkdaşlığa dəstək: MDU Naxçıvanda beynəlxalq konfransın təşkilatçısı kimi iştirak etdi

Şərh / Cavab göndərən