Qaranlıq Rejim
Image
  • şənbə, 13 iyun 2026

"Velo-Park layihəsi Mingəçevirdə sağlam gənclik və yaşıl kampus mədəniyyətinin əsasını qoyacaq”

Müsahibimiz: Müşfiq Tarıverdiyev, layihə komandasının üzvü

Müşfiq müəllim, “Velo-Park” layihəsinin yaranma ideyası haradan qaynaqlanır?

– Layihə Mingəçevir Dövlət Universitetinin 2030 İnkişaf Strategiyasının əsas hədəflərinə uyğun olaraq formalaşıb. Universitetimizdə tələbələrin sağlam həyat tərzinə marağını artırmaq, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək və “Yaşıl Kampus” konsepsiyasına real töhfə vermək istədik. Mingəçevir şəhəri velosiped üçün əlverişli mühitə malik olsa da, tələbələr arasında bu mədəniyyət hələ tam formalaşmayıb. “Velo-Park” məhz bu boşluğu doldurmaq üçün düşünülüb.

Layihə konkret olaraq hansı hədəfləri qarşınıza qoyur?

– Əsas məqsədimiz qız tələbələr arasında idman və sağlam həyat tərzini təşviq etməkdir. Çünki müşahidələr göstərir ki, qızlarımız oğlanlara nisbətən daha az fiziki aktivdir. Biz onların həm sağlamlığını qorumaq, həm də sosiallaşma imkanlarını genişləndirmək istəyirik. Bununla yanaşı, tələbələrdə ekoloji məsuliyyət şüurunun formalaşdırılması və universitet daxilində davamlı velosiped mədəniyyətinin yaradılması da prioritetlərimizdir.

Bu layihənin ən mühüm yeniliyi nədən ibarətdir?

– İlk dəfə olaraq universitetdə “Velo-Park İcması” yaradılacaq. Klub həm idarəetmə, həm də davamlılıq baxımından çox vacibdir. Alınacaq 70 velosiped icmanın balansında qalacaq və tələbələr onları gündəlik istifadə edə biləcəklər. İcma vasitəsilə mütəmadi yürüşlər, maarifləndirici seminarlar və ekoloji aksiyalar təşkil olunacaq.

Gözlənilən nəticələr nələrdir?

– İlkin formada 70 qız tələbənin fiziki aktivliyini artırmaq, onların gündəlik həyatına idmanı inteqrasiya etmək, sağlam həyat tərzinə marağı artırmaq və stereotipləri qırmaq əsas nəticələrimizdir. Bundan başqa, Mingəçevir şəhərində velosiped mədəniyyətini formalaşdırmaq və minlərlə insan arasında ekoloji dəyərlərə marağı gücləndirmək istəyirik. 

Layihədən sonra davamlılıq necə təmin ediləcək?

– Velosipedlər daimi olaraq “Velo-Park İcması”nın balansında qalacaq. İcma hər tədris ilində yeni üzvlər qəbul edəcək, texniki baxış və təmir planı hazırlanacaq. Universitetin “Yaşıl Kampus” strategiyası çərçivəsində layihənin təcrübəsi digər ekoloji təşəbbüslərlə birləşdiriləcək. Yəni, bu layihə 4 aylıq deyil, uzunmüddətli təsirə malik olacaq.

Sonda tələbələrə və ictimaiyyətə mesajınız nədir?

– Mən tələbələrimizi həm sağlamlıqlarına, həm də ətraf mühitə qarşı daha məsuliyyətli olmağa dəvət edirəm. Velosiped sadəcə nəqliyyat vasitəsi deyil, həm də həyat tərzidir. İnanıram ki, “Velo-Park” Mingəçevirdə yeni bir mədəniyyətin başlanğıcı olacaq.

 

 

Şərh / Cavab göndərən